Təsisçi tərəfindən müəssisəyə verilən borcun qaytarılması

Mühasibat uçotu haqqında qanunun üçüncü maddəsində mühasibat uçotunun məcburiliyi qeyd edilib.Kimlər mühasibat uçotunu aparmalıdır?

Qanunda qeyd edilir ki,bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat uçotu elektron formada aparılmalıdır:

– İri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektlərində;

– Qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində;

– İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə.

Mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidmətinin göstərilməsi təşkil edilir. Mikro  sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

Mühasibat uçotu subyektində baş mühasib mühasibat uçotunun aparılmasını,mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsini, uçotun formalaşdırılmasını və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Mühasibat uçotu haqqında Qanunun 3.4-cü maddəsində göstərilən mühasibat uçotu subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin ən azı iki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin özü peşəkar mühasib olmadığı hallarda, ən azı bir peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır.

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə tənzimlənir.Belə ki,qanunvericiliyin tələblərinin yerinə yetirilməməsinə görə Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə,mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

 

Müəllif:Müstəqil Auditor,Peşəkar Mühasib Nicat Kazımov