
İlkin olaraq “Hədəfli maliyyə sanksiyaları nədir?” sualına cavab tapaq.Hədəfli maliyyə sanksiyaları,sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması tədbirləridir.Burada qurumlar dedikdə hüquqi şəxslər,qruplar,hüquqi şəxs olmayan təşkilatlar və müəssisələr, dövlət və ya qeyri-dövlət orqanları nəzərdə tutulur.Hədəfli maliyyə sanksiyalarının tətbiqi zamanı aktivlər dondurulur. Aktivlərin dondurulmasına aktivlərin köçürülməsinin, konversiyasının, hərəkətinin, habelə həmin aktivlərə sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsinin qadağan edilməsi aiddir.Hədəfli maliyyə sanksiyaları tətbiq edilmiş şəxslərin siyahısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, habelə kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış sanksiya komitələri tərəfindən sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların daxil edildiyi siyahılardır.Ölkədaxili siyahı isə terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahıdır. Hədəfli maliyyə sanksiyaları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, hədəfli maliyyə sanksiyaları haqqında qanundan,“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlərə aşağıdakılar aiddir:
Terrorçuluq,terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:
. sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;
. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər;
. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
. sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.
Aktivlər səhvən dondurulduqda nə etməli?
Aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilir.
Müəllif:Müstəqil Auditor,Peşəkar Mühasib Nicat Kazımov