
Təsərrüfat subyektinin fəaliyyət göstərməsi üçün təsisçi tərəfindən qoyuluşlar və ya müəssisəyə hər hansı maliyyə vəsaitinin cəlb olunması mütləqdir.Müəssisə tərəfindən borcların alınması və qaytarılması mülki qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir.Borcun alınması zamanı limit nəzərdə tutulmayıb.Borcu qaytaran zaman isə müəssisə nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əməl etməlidir.Belə ki,nağdsız hesablaşmalar haqqında qanunun 3.4.6-cı maddəsinə əsasən,faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla),digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir.Yəni borc məbləğləri yalnız nağdsız formada qaytarılmalıdır,ancaq borcu verən fiziki şəxs olduqda,nağd formada da qaytarmaq olar.
Misal:SHREK MMC-nin 3 təsisçisi var,iksi fiziki,biri hüquqi şəxsdir.Hər təsisçi müəssisəyə 10000 manat pul vəsaiti borc verib.Pul vəsaitini təsisçi hüquqi şəxs müəssisənin kassasına,fiziki şəxs olan təsisçilər bank hesabına mədaxil ediblər.Bu zaman borc hansı formada qaytarılmalıdır?
Hüquqi şəxs tərəfindən verilən borc nağdsız qaytarılmalıdır.Fiziki şəxs tərəfindən verilən borc isə nağd qaytarıla bilər.Fiziki şəxsin borcunu hüquqi şəxs nağd qaydada qaytararkən ay üzrə nağd əməliyyatların limitinə nəzarət etməlidir və nağdsız hesablaşmalar haqqında qanunun 3.3-cü maddəsinin tələblərini də yaddan çıxartmamalıdır.
Müəllif:Müstəqil Auditor,Peşəkar Mühasib Nicat Kazımov